16 ildir yayımlanan "Arka sokaklar" (Arxa küçələr) serialına yeni aktyorlar daxil olacaq.

Axar.az xəbər verir ki, ekran işində Batuxan Ekşi, Cem Uçan, Sebahat Kumaş, Cansın Çekili və azərbaycanlı aktrisa Nuray Hüseynova rol alacaq. O, “Yemin” adlı ekran işində Aynur obrazı ilə məşhurlaşıb.

Yaxın zamanda 17-ci mövsümünün çəkilişlərinə start veriləcək.

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Axar.az-ın məlumatına görə, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi növbəti raundda Moldova "Şerif"ini mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək.

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib - 4:2. "Dinamo" pley-off-da Norveçin "Bude Qlimt" komandası ilə görüşəcək.

"Qarabağ", "Viktoriya" və "Dinamo" ilə yanaşı, İsrailin "Makkabi" (Hayfa), Serbiyanın "Srvena Zvezda", Portuqaliyanın "Benfika", Niderlandın PSV, Ukraynanın "Dinamo" (Kiyev) və Şotlandiyanın "Reyncers" klubları da pley-offa adlayıblar.

Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Axar.az-ın məlumatına görə, şəxsi Feysbuk səhifəsində post paylaşan funksioner "köhlən atlar"ın Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib.

"Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!", deyə Kubatov sosial şəbəkə hesabında yazıb.

Krım yarımadası azad olunmayana qədər nə Qara dənizdə, nə də Aralıqda uzun müddət sabitlik və sülh olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Ukrayna Krımdan heç vaxt imtina etməyəcək:

“Ukrayna və Avropaya qarşı bu müharibə Krımdan başladı və Krımda da sona çatmalıdır”.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubuna qalib gələn “Qarabağ” bununla UEFA Avropa Liqasının qrup mərhələsini təmin edib.

Axar.az xəbər verir ki, Ağdam klubu pley-off-da “Viktoriya”ya (Plzen) uduzacağı halda AL-in qrupunda oynayacaq.

Qurban Qurbanovun komandasının maddi qazancı isə 5 milyon (8 milyon 660 min manat) avrodur.

Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram.

Axar.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.

Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının himni səslənəcək.

Axar.az-ın məlumatına görə, bu, "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlməsi sayəsində gerçəkləşəcək.

III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferenstvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəlib - 3:1.

Azərbaycan çempionu son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Qeyd edək ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Konya şəhərində görüşü olub.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ukraynada döyüşən gürcüstanlı könüllülər barədə məlumatların Rusiyaya ötürülməsiylə bağlı məlumatlar yalandır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ehtiyatda olan zabitlərin şəxsi işləri heç bir halda idarədən kənara çıxa bilməz:

“Təəssüf ki, “Mtavari” və “Milli Hərəkat” televiziya şirkətləri Gürcüstan Müdafiə Nazirliyi və Müdafiə Qüvvələrinə qarşı məqsədyönlü dezinformasiya kampaniyasını davam etdirirlər”.

Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi elmi-arxeoloji ekspedisiya yeni maraqlı nəticələr əldə edib.

Kult.az xəbər verir ki, pandemiya dövründə fasilə verilən, bu il yenidən başladılan qazıntılar nəticəsində Göytürk Xaqanlığı dövrünə aid önəmli tapıntılar aşkarlanıb.

Arhangay bölgəsində yeni ortaya çıxarılan Nomqon abidə kompleksi bütün xüsusiyyətlərinə görə Bilge xaqan və Kültegin abidə komplekslərinə bənzəyir.

Sözügedən kompleksdə insan, aslan, qoç heykəlləri və ortasında quyu olan qurbangah daşı mövcuddur. Külliyənin qarşısında şərq istiqamətində 40-dan çox balbal daş sıralanıb. Balbal daşlardan beşinin üzərində Türk Xaqanlığının qurucu nəslinə aid “Dağ keçisi” damğası (möhürü) müəyyən edilib.

Ötükən çölündə aşkarlanan bu külliyə Kültegin və Bilgə Xaqan komplekslərindən 80 kilometr aralıda yerləşir. Kompleks Hanqay dağının Köyne, Böyük Nomqon və Kiçik Nomqon silsilələri ilə əhatə olunub.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı qazıntılar davam etdiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.

Axar.az-ın məlumatına görə, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib.

"Kubanın Matanzas şəhərində neft müəsssəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”, - deyə paylaşımda qeyd edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən paylaşım edib.

Axar.az paylaşımı təqdim edir:

“V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi. Konya, Türkiyə. 09.08.2022”.

ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyən sənədləri imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xəbər verildiyi kimi, avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib.

Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq -əməliyyat tədbirləri davam etdirilir.

Tvitter sosial şəbəkəsi Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Avqustun 5-nə keçən gecə Tvitter platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub”, - Zaxarova məlumat verib.

Son vaxtlar erməni mediası və sosial şəbəkələrində reallıqla heç cür səsləşməyən, tam şişirdilmiş məlumatlar yayılır.

Axar.az xəbər verir ki, onlardan biri guya Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyanın Moskvada “azərbaycanlı rəsmilərlə” görüşməsi və laçın, Sus və Zabuxun təhvil verilməsi vaxtını “müəyyən etməsi”dir. Guya Azərbaycan 5 avqustun son vaxt olduğunu bildirib, Araik isə vaxtın uzadılmasını xahiş edib və Azərbaycan rəsmiləri 25 avqusta razılaşıb.

Zəruri olaraq bildirək ki, Azərbaycan hətta 19990-cı illərdə, iqtisadi baxımdan ən zəif olduğu və ölkədə qeyri-stabilliyin yaşandığı vaxtlarda belə Qarabağdakı separatçıları tərəf olaraq tanımayıb. 1994-cü ildən 2020-ci ilə qədər olan müddətdə hər zaman tərəf kimi Ermənistan göstərilib və danışıqlar da Ermənistanla aparılıb. Bu baxımdan qalib Azərbaycanın Araik kimi separatçı-terrorçu ilə nəyisə razılaşdırmasından söhbət gedə bilməz.

Digər tərəfdən, Laçın şəhərinin və Laçın dəhlizi üzərindəki kəndlərin boşaldılması 10 noyabr 2020-ci il bəyanatında açıq şəkildə göstərilir. Hazırda Laçın yolunun alternative hazırdır və Azərbaycan da 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq, Ermənistandan Laçın şəhərini və digər iki kəndi boşaltmağını tələb edir.

Üçüncüsü, Araik Arutyunyan haqda Azərbaycan Baş Prokurorluğu cinayət işi qaldırıb. Araik Azərbaycan qanunvericiliyi ilə canidir və məsuliyyətə cəlb edilməlidir. Azərbaycanın heç MİS müdiri də Araiklə nəinki nəyisə müzakirə edə, hətta bir masada otura bilməz.

Erməni paranoyasında daha bir fantaziya da var. Erməni mediası iddia edir ki, guya separatçıların “tş katibi” Vitali Balasanyan azərbaycanlı generalla görüşüb və Laçında təhvil veriləcək evləri göstərib.

Adi bir sual çıxır: Laçında “təhvil verilməyəcək” evlər varmı ki, təhvil veriləcəklər göstərilsin?

Daha bir ağlasığmaz yalan isə bugünlərdə Qarabağa girişi qadağan olunan Ermənistanın keçmiş xarici işlər naziri və “İrs” partiyasının lideri Raffi Ovannisyanla bağlıdır. O, İrəvanda mindiyi taksi sürücüsünün azərbaycanlı olduğunu, onunla Qarabağ mövzusunda mübahisə etdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu yazır ki, Armine Adibekyan isimli erməni xanım ekspert bir az da uzağa gedərək, azərbaycanlıların İrəvanda saylarının artdığını və metronu partlamağa hazırlaşdıqlarını vurğulayıb.

E.Şahinoğlu haqlı olaraq bunu İkinci Qarabağ müharibəsinin və son anti-terror əməliyyatının təsir, kütləvi psixoz, paranoya, dəhşətli qorxu səbəbindən hər yerdə gözlərinə azərbaycanlı görünməsi ilə izah edib.

Rusiyanın Voronej şəhərində pulla dolu seyf oğurlanıb.

Axar.az xəbər verir ki, hadisə şirkətin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Gecə saatlarında üç nəfər əllərində linglə “Mitaks” şirkətinin ofisinə soxularaq direktorun otağında olan pul seyfini aparıb.

Qeyd olunur ki, sözügedən seyfdə şirkət işçilərinin maaşı saxlanılırmış.

Hazırda hüquq mühafizə orqanları soyğunu həyata keçirmiş şəxsləri axtarır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində VIII Uluslararası Türkcess – Təhsil və Sosial Bilimlər Konqresinin açılışında çıxış edib.

Axar.az xəbər verir ki, builki mövzusu “XXI yüzildə köç və təhsil” olan konqresdə məruzə ilə çıxış edən Q.Paşayeva türk dünyasını daha sıx birliyə çağırıb.

“Böyük şairimiz belə deyərdi: Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Bu vəsilə ilə Ərzuruma gedib, ən yüksək təpədə Nənəxatun məqbərəsini ziyarət edərkən nə düşündüyümüzü bölüşmək istərdim. Nənəxatuna övladının kiçik yaşlı olmasını xatırladarkən, “çocuq anasız böyüyər, amma Vətənsiz böyüyə bilməz” deyib. Bəli, bayrağımızı bayraq, torpağımızı Vətən edən qəhrəmanlarımız olub. Azərbaycan və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda canını qurban etmiş şəhidlərimizin ruhu, sağlamlığını Vətən yolunda itirmiş qazilərimizin qarşısında dərin ehtiramla baş əyirəm. Ayrıca, “Hatay mənim şəxsi məsələmdir” deyən, bu gözəl torpaqları yenidən Türkiyə Cümhuriyyəti sınırları içinə alan Qazi Mustafa Kamal Paşa Atatürkü, silah arkadaşlarını buradan rəhmət və minətdarlıqla anmaq istəyirəm. Ruhları şad olsun!

Mən Hataya daha öncəki səfərlərimdə müxtəlif konqreslərdə, simpozium, festival və digər tədbirlərdə çıxış edərkən, sonda həmişə eyni sözü deyirdim. Deyirdim ki, “İnşallah növbəti belə tədbirləri Şuşada, düşmən işğalından azad edəcəyimiz şəhərlərimizdə keçirək”. Açığı, məndən soruşardılar ki, sayın vəkilim, siz, gerçəkdən buna inanırsızmı? Mən əlbəttə, inanaraq söyləyirdim o sözləri. Ulu Tanrıya çox şükürlər olsun, o gün gəldi, arzular çin oldu, inamlar doğruldu və 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan böyük hərbi uğura imza atdı, torpaqlarını azad etdi. Bizlər Hataydakı cameləri, müqəddəs ünvanları ziyarət edərkən həmişə Qarabağ, Şuşa üçün dualar edərdik. Çox şükürlər dualarımız müstəcəb oldu. Bu mənim Qarabağ azad olunduqdan sonra Hataya ilk səfərimdir. Bu gün Sizə Şuşadan, Qarabağdan salam gətirmişəm!” – millət vəkili bildirib.

Sözünə davam edən Komitə sədri deyib:

“Mən burada Axıska kökənli xocalarımızı da görürəm. Onların əzbər bildiyi bir Axıska dördlüyünü sizlərlə bölüşmək istərəm:

Axıska bir gül idi, getdi,

Bir əhli-dil idi, getdi;

Söyləyin Sultan Mahmuda,

İstanbulun kilidi getdi...

Axıskanın da, Krımın da, Qarabağın da, Kərkükün də bir kilid olduğu düşüncəsinə yiyələnməyimiz bizləri daha mütəşəkkil qıldı. Gözünüz aydın, artıq o kilidlərdən birini qaytarmış, əbədi azad etmişik”.

Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı çox ağır illər yaşadığını söyləyən Q.Paşayeva Azərbaycan dövlətinin və xalqının əhalinin hər səkkiz nəfərindən birini təşkil edən – bir milyon qaçqın və məcburi köçkünlərin problemləri ilə uzun illər əsasən təkbaşına məşğul olduğunu bildirib. Son illər Türkiyənin Suriya, İraq, Əfqanıstan, Liviya və başqa ölkələrdən milyonlarla məcburi köçkünə qucaq açdığını deyən Q.Paşayeva bu planda Avropada, ümumən dünyada Türkiyə ilə müqayisə ediləcək dövlət olmadığını vurğulayaraq, bu məsələnin ağırlığının Azərbaycana çox yaxşı məlum olduğunu vurğulayıb: “Mən Avropalı həmkarlarıma dəfələrlə demişəm, Türkiyə bir örnəkdir, dünyada bu qədər fərqli ölkədən milyonlarla məcburi köçkünə uzun illər boyu qucaq açmış, Türkiyənin yarısı qədər dəstək göstərmiş başqa ölkə göstərə bilərsinizmi? – O zaman, zəhmət çəkib Türkiyəyə dəyər verəcək, Türkiyəni anlayacaqsınız.

Mən Türkiyənin milyonlarla köçkünə evsahibliyi etməsini əcdadımızdan miras qalmış ədalət və xeyirxahlıq hissi ilə əlaqələndirirəm”.

Qeyd edək ki, tədbirdə Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Lütfü Savaş, Hatay Mustafa Kamal Universitetinin rektoru Hasan Kaya, Niğde Ömər Xalisdəmir Universitetinin rektoru Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin başqanı Ramazan Qorxmaz, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev, eləcə də konqresin təşkilat komitəsinin üzvləri məruzələrlə çıxış edib.

Müxtəlif panellərdə də çıxış edən Q.Paşayeva Azərbaycan nümayəndə heyəti adından konqresin təşkilat komitəsinin üzvlərinə, rəsmi şəxslərə, fəal iştirakçılara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Təşkilatçılar tərəfindən də Q.Paşayevaya və Azərbaycan nümayəndə heyətinin üzvlərinə plaket təqdim edilib.

Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edən, türk dünyasının fərqli bölgələrəni təmsil edən aydınlarla da görüşüb, onlarla qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Laçın dəhlizi Qarabağda qalan ermənilər üçün yol olmaqla yanaşı, həm də qaz, elektrik, internet xətlərinin keçdiyi infrastukrut marşrutudur: dəhliz bu kommunikasiya xətlərinin olmadığı yeni yola köçürüldükdən ermənilər bundan məhrum olacaq;

Elektrik enerjisi: müharibədən sonra separatçıların işğal dövründə nəzarət etdiyi 31 SES-dən 29-u ordumuzun nəzarətinə keçib; elektrik təminatını böyük ölçüdə Laçın dəhlizi üzərindən təmin edilirdi; separatçılar “alternativ”lərinin olduğunu iddia etsə də, 2 SES-lə təmin etmək çətin olacaq; Xankəndidə elektrik enerjisinin verilməsində fasilələrin yaranması da bunu deməyə əsas verir; şəhərin elektrik enerjisinin müəyyən hissəsi də Şuşa yarımstansiyasından verilir.

Təbii qaz: bu ilin mart ayında Xankəndinin qaz təminatında yaranan problemdən sonra Azərbaycan bu istiqamətdə nəzarətini gücləndirdi; Laçın dəhlizindən keçən qaz infrastrukturunun dayanması isə bu məsələdə də ermənilərin ciddi çətinliklə üzləşəcəyindən xəbər verir.

Dəhlizin istiqamətinin dəyişməsindən sonra ermənilərin qaldığı ərazilərin onlar üçün yaşaması mümkün olmayan torpaq parçasına çevriləcəyi perspektivi aydın görünür. Və bu, ermənilərin ya getməsi, ya Azərbaycan vətəndaşı olması seçimini sürətləndirə bilər. Çoxluğun birinci seçimi edəcəyi ehtimalı daha böyükdür.

Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsini vacib sayır.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşlərdə iştirakı təkcə marağın deyil, həm də Qafqazda sülh, təhlükəsizlik və rifaha töhfə vermək istəyinin təbii ifadəsidir”, - o bildirib.

Səfir qeyd edib ki, bu, Aİ üçün təbiidir, çünki “Şərq Tərəfdaşlığı”, o cümlədən Cənubi Qafqaz Aİ-nin qonşuluq siyasətinin bir hissəsidir.

“Aİ və tərəfdaşları üçün regionun sabitliyinə nail olunması, təhlükəsizliyinin möhkəmləndirilməsi və gələcəkdə çiçəklənməsi vacibdir”, - P.Mixalko vurğulayıb.

Səfir əlavə edib ki, ötən ilin dekabrında Prezident Şarl Mişelin vasitəçiliyi ilə və bu il keçirilən bir sıra görüşlər sayəsində müəyyən irəliləyiş əldə olunub: “Mühüm məqamlardan biri hər iki tərəfin razılaşdırdığı gündəliyin olması, ardınca gələcək sülh sazişi üzrə danışıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat əlaqələri və digər məsələlər üzrə birgə komissiyanın yaradılmasıdır”.

Aİ minaların təmizlənməsinə dəstək verməklə bu səyləri və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması üçün zəruri addımları davam etdirməyə hazırdır.

“Səylərimiz həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın intensiv işi ilə davam edir”, - P.Mixalko qeyd edib.

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.