“İlk yardım” mobil tətbiqi istifadəyə verildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlk yardım” mobil tətbiqi istifadəyə verildi.
 
Aztibb.az xəbər verir ki, 25 yanvar 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Uptodate İn Medicine” və “Ezgil” tibbi texnologiyalar şirkəti tərəfindən yaradılan “İlk yardım” mobil tətbiqinin təqdimatı keçirildi. İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, yeni mobil tətbiq xilasetmə məsləhətlərinin hər zaman, hər yerdə əlçatan olmasına imkan verir, gündəlik fövqəladə və ya təcili tibbi hallar zamanı tövsiyə olunan müvafiq tədbirləri nəzərə çatdırır. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov geniş təqdimatla çıxış edərək, “İlk yardım”mobil tətbiqi barədə ətraflı məlumat verdi: “Yeni mobil əlavəni telefon və ya planşetə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək mümkündür. Eyni zamanda, aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və təlimatlara addım-addım çıxış imkanı əldə etmək olar”.
 
Beləliklə,vurğulandı ki, yeni mobil tətbiqdə:
 
- İlk tibbi yardım və fövqəladə hallarda yardım tədbirlərinə dair tövsiyələr;
- İstədiyiniz zaman tətbiqdən 103-ə zəng etmək imkanı;
- İlk yardım / ürək-ağciyər reanimasiyasına dair bilik və bacarıqlarınızı dəstəkləməyə kömək edən video və animasiyalar;
- Qış fəsli, sel, zəlzələ və torpaq sürüşmələri, kimyəvi zəhərlənmələr və digər fövqəladə hallar daxil olmaqla, müxtəlif vəziyyətlərə təcili hazırlıq və cavab tədbirlərinə dair məlumatlar təqdim edilir.
 
Apple və Android mobil cihazları üçün mövcud olan “İlk yardım” mobil tətbiqini yükləyərək, ilk tibbi yardım və fövqəladə hallarda yardım üzrə bilik və bacarıqlar əldə etmək olar.
 
“İlk yardım” mobil tətbiqini Google Play Market və App Store-dan yükləmək mümkündür.
    Mənbə:
    0
    138
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar