"COVID-19 əlilliyə səbəb ola bilər" - Baş infeksionist

Hazırda ölkədə virusa yoluxanların sayında azalma müşahidə edilir. Əhalinin kütləvi şəkildə vaksinasiya prosesinə cəlb olunması da, epidemioloji vəziyyətin ümidverici tendensiya ilə davam etməsinin göstəricisidir. Lakin virusa yoluxub sağalmaq insanları COVID-19 bəlasından tamamilə xilas etmir. Belə ki, virusu keçirmiş bəzi insanlarda qalıcı xəstəliklər də yaranır.

BiG.AZ-ın baku.ws-ə istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bunlar arasında ən geniş yayılmışı "Uzun sürən COVID (Long COVID)" sindromudur. Onun sözlərinə görə, bu xəstəlik bir çox hallarda qalıcı olur:

"Uzun sürən COVID (Long COVID)" sindromu koronavirus xəstəliyinin nəticəsi olub, 4-12 həftə, bəzi hallarda isə daha çox davam edir.

Bura ümumi zəiflik, təngnəfəslik, baş ağrıları, əzələ ağrıları, iybilmənin itirilməsi, saç və dişlərin tökülməsi, dəridə damarların zədələnməsi təzahürləri, təzyiqin və nəbzin qəfil sıçrayışları, aritmiya, yaddaş pozğunluqları, mühitdə dezoriyentasiya, həyəcan, panik həmlələr, diareya, subfebril hərarət kimi mənfi əlamətlər daxildir".

Təyyar Eyvazov onu da qeyd edib ki, xəstəlik ağır və uzunmüddətli gedişatı zamanı orqan və toxumaların birbaşa zədələnməsində birbaşa iştirak edir.

Buna görə də şəkərli diabet, arterial hipertoniya, bronxial astmadan əziyyət çəkən insanlar bu xəstəliyi keçirən zaman səhhəti ağırlaşır. Bu sindrom daha çox yaşlı insanlarda baş verir.

"İmmun sistemi zəif olan insanlarda virus hissəcikləri uzun müddət qalaraq immun və autoimmun xəstəliklərin (xüsusən də qadınlarda) inkişafını provokasiya edə bilir.

Onu da vurğulamaq lazımdır ki, bu cür əlamətlərin ifadəliliyi dövri olaraq gah artır, gah da səngiyir.

Bu sindrom daha çox yaşlı insanlarda, yanaşı xəstəlikləri olan şəxslərdə inkişaf edir, lakin immun çatışmazlığı olan gənc insanlarda da rast gəlinə bilər. COVID-19-u daha ağır formada keçirən şəxslərdə ağciyərlərin funksiyası ciddi pozulur.

Belə xəstələrin orqanının bərpası uzunmüddətli proses tələb edir. Bərpa prosesi isə xəstənin yaşından və onda hansı xəstəliyin olmasından asılıdır.

Orqanizminin bərpa imkanları zəif olan şəxslərdə bu proses daha zəif gedir və bəzi hallarda isə tamamlanmır. Bu isə əlilliyədək gətirib çıxara bilər".

İstənilən halda, bu sindromdan əziyyət çəkən şəxslərin kompleks reabilitasiyası vacibdir. Yalnız bu halda yeni koronavirus xəstəliyinin qalıq nəticələrini minimallaşdırmaq və bundan əziyyət çəkən insanların əksəriyyətini əvvəlki həyatına qaytarmaq mümkündür.


BiG.Az
Mənbə:
0
134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar