ABŞ-dan Bakıya dəstək: “Ərdoğan Baydeni məlumatlandırmışdı” -

“Türkiyə ilə yaxın münasibətlərimiz kimsəyə sirr deyil. Bizim yaxınlığımız da heç kimi qıcıqlandırmasın. Biz Türkiyə ilə müttəfiqik və bu müttəfiqlik kimsəni narahat etməməlidir. Ermənistan Rusiya ilə münasibətlərini sıxlaşdıranda, müəyyən müqavilələr bağlayanda biz qıcıqlanmırıq. Biz buna normal baxırıq. Rusiya Ermənistanın hərbi müttəfiqidir, orada hərbi bazası da var. Bu, onların öz işidir. Biz də özümüzü qorumaq və sığortalamaq üçün belə bir alyans yaradırıq”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə və Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişi bizə nə verəcək?

- Tarixi sənəddir. Burada bir çox mühüm məqamlar yer alıb. Artıq Türkiyə bizə yaxın bir müttəfiq və qarant dövlət kimi çıxış edir. Təbii ki, biz bunu yüksək qiymətləndiririk. Bu sazişdə Qars müqaviləsinə əsaslanma amili də öz əksini tapır. 1921-ci ildə imzalanmış Qars müqaviləsi Naxçıvanla bağlı bağlanmış anlaşma idi. Türkiyə bu müqavilənin imzalanmasından sonra qarant dövlət kimi Naxçıvanı qoruyur, onun təhlükəsizliyini təmin edir. Yəni bu sazişdə bir sıra mühüm məqamlar var, bunlar da həm Türkiyə, həm də Azərbaycanın strateji maraqlarına cavab verir.

- Sizcə, bu saziş Azərbaycana qarşı mövqe tutan dövlətlərin əl-qolunu bağlayacaqmı?

- Əlbəttə, düşmənlərimizin əl-qolunu bağlamayacaq. Hər halda onlara konkret və birbaşa mesajdır. Çünki Ermənistanda bir sıra revanşist şüarlar səsləndirilir. Hətta Robert Köçəryan Şuşa və Hadrutu ələ keçirmək istədiyini deyir. Belə gurultulu bəyanatlar verirlər. Belə bir bəyannamənin imzalanması da onları düşünməyə vadar edəcək. Onlar təkcə Azərbaycanla yox, Azərbaycan-Türkiyə birliyi ilə üzləşə bilərlər. Bu, onlar üçün təhlükəli amilə çevrilə bilər. Bu, eyni zamanda, Ermənistanı dəstəkləyən qüvvələrə də mesajdır. Onlar da bu sazişdən özlərinə nəticə çıxarmalıdırlar.

- Bunu Türkiyənin Azərbaycanda hərbi bazasının qurulması yönündə atılmış addımlardan biri hesab etmək olarmı?

- Həm Türkiyə, həm də Azərbaycan dövlət başçısının bəyanat və açıqlamalarında belə bir fikir səsləndirilir ki, bu bəyannamədə nə NATO-ya üzvlük nəzərdə tutulur, nə də hansısa dövlətin, eləcə də Türkiyənin Azərbaycanda hərbi bazasının açılması planlaşdırılır. Bu, sadəcə olaraq, iki dövlətin vahid mövqeyini və bir sıra mühüm istiqamətlərdə eyni mövqedən çıxış etməsini göstərir. Bu o deməkdir ki, biz birlikdə terrorizm, separatizm, narkotrafik və təşkilatlanmış cinayətkarlığa qarşı birgə çıxış edirik və edəcəyik.

Azərbaycan müstəqil xarici siyasət yürüdür. Heç bir dövlətin hərbi bazasını öz ərazisində yerləşdirmir və bunun üçün heç bir planımız yoxdur. Sadəcə olaraq, biz Türkiyə ilə münasibətlərimizi daha yüksək səviyyəyə qaldırırıq. Bu, həmin bəyannamənin əsas göstəricisidir.

- Rusiyanın buna münasibəti nə ola bilər?

- Bəlkə də Moskvadakı müəyyən siyasi dairələr bundan narazıdır. Düşünürəm ki, bu, müəyyən mənada onları qıcıqlandıra bilər. Amma həmin bəyannamədə bir məqam da var. Orada qeyd edilib ki, Rusiya və Türkiyə Qarabağ bölgəsində münasibətlərin normal səviyyədə inkişaf etdirilməsini yüksək qiymətləndirirlər. Bu, dolayı yolla o anlama gəlir ki, bu birlik və ya bəyannamə Rusiyaya qarşı yönəlməyib.

Əslində Türkiyə ilə yaxın münasibətlərimiz kimsəyə sirr deyil. Bizim yaxınlığımız da heç kimi qıcıqlandırmasın. Biz Türkiyə ilə müttəfiqik və bu müttəfiqlik kimsəni narahat etməməlidir. Ermənistan Rusiya ilə münasibətlərini sıxlaşdıranda, müəyyən müqavilələr bağlayanda biz qıcıqlanmırıq. Biz buna normal baxırıq. Rusiya Ermənistanın hərbi müttəfiqidir, orada hərbi bazası da var. Bu, onların öz işidir. Biz də özümüzü qorumaq və sığortalamaq üçün belə bir alyans yaradırıq. Bu da təkcə Rusiyanı yox, bir sıra xarici dövlətləri də qıcıqlandıra bilər. Buna şübhə etmirəm. Lakin bizim yürütdüyümüz siyasət onların əhval və mövqeyindən asılı olan siyasət deyil. Son illərdə baş verənlər onu göstərdi ki, biz həm regional, həm də dünya siyasətində kifayət qədər müstəqil addımlar atırıq. Bu da kimisə narahat edirsə, etsin, amma biz tərəfdən heç kimə hansısa narahatlıq olmamalıdır.

- Bəs ABŞ NATO-dakı müttəfiqinin – Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə dəstək verə bilərmi?

- Fikir verin ki, Prezident Ərdoğan Bakı və Şuşaya Baydenlə görüşdən sonra gəldi. Ərdoğanın NATO sammiti çərçivəsində Brüsseldə ABŞ prezidenti ilə görüşü olmuşdu. Bu görüşdən sonra liderlər birgə bəyanatla çıxış etdilər. Bayden bu bəyanatla Türkiyənin Qarabağla bağlı atdığı addımları dəstəklədi, bunları yüksək qiymətləndirdi. Həmin bəyanatda bu deyilir. Şübhə etmirəm ki, Türkiyə prezidenti bununla bağlı Baydeni əvvəlcədən məlumatlandırıb, müəyyən detalları ona çatdırıb. Bu da ABŞ tərəfindən razılıqla qarşılanıb və o deməkdir ki, ABŞ buna müsbət yanaşır. Təbii ki, bu da bizi tam mənada qane edir.

0
62
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar