DGK sədri Səfər Mehdiyev və “qırx quldur”

Və yaxud Azərbaycanda aparılan islahatlar Dövlət Gömrük Komitəsindən niyə yan keçib?

2012-ci ildə ASAN XİDMƏT-in yaradılması ilə bəzi dövlət idarələrinin işi daha şəffaf mərhələyə keçirilsə də, bu proses hələ də tam bitmiş sayılmaz. Belə ki, ölkədə rüşvət bataqlığından xilas olunmasını gözləyən idarələr hələ çoxdur. Əsasən də ölkəyə gətirilən mal və məhsullara tətbiq olunan gömrük rüsumlarının yığıldığı idarələrdə. Yəni Dövlət Gömrük Komitəsində…

Uzun zamandır Gürcütandan minik avtomobili almaq istəyirdim. Səbəb məlumdur, Azərbaycana nisbətən bu ölkədə qiymətlər daha ucuzdur. Amma Azərbaycandakı korrpusiyanın ən uca zirvəsində qərar tutmuş Dövlət Gömrük Komitəsinin sayəsində yaşadığım təcrübə həyatımın bəlkə də ən pis günlərindən biri oldu. Deyəcəksiniz necə? Aydınlıq gətirim.

Bir tanışımın vasitəsilə sifariş etdiyim “Toyota” markalı avtomobil Gürcüstandan Azərbaycana gətirildiyi gün el arasında “rastamoşka idarəsi” deyilən Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə getdim. Öncədən gətirdiyim avtomobilin qiymətini də “gömrük kalkulyatoru” vasitəsilə hesablamışdım. Dövlət nömrə nişanı və texniki pasport xərcindən əlavə, avtomobilimin qeydiyyatı üçün 3674.08 AZN rüsum ödəməli idim. Amma, necə deyərlər, sən saydığını say, gör Səfər Mehdiyev və onun “qırx qulduru” nə sayır…

Öncə ondan başlayım ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sözün bütün mənalarında COVİD-19 “meydan sulayırdı”. Belə ki, hər bir kabinetin qapısı önündə onlarla insan növbədə dayansa da, nə məsafə gözləyən vardı, nə də maskaya diqqət edən. O cümlədən, insanların ağzına qədər dolu olduğu zalda da adam əlindən tərpənməyə yer yox idi. Hamı da bir-birinin “ağzının içində”. Amma bu, heç bir rəsmi şəxsi narahat etmirdi. Sanki, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev COVİD-19-un “gömrükdən keçməsinə” icazə vermədiyindən, onun idarəsində virusun yayılmayacağına əmin idi.

Elə bu səbəbdən də, idarədə belə desək, ağız deyəni qulaq eşitmirdi. İnsanları bir ödəmə əməliyyatını həyata keçirmək üçün saatlarla gözlədən idarə rəhbərliyi növbəsiz iş rejimi yaratmaq haqda heç düşünmürlər də. Ən azından zalın tutumunu, müraciətçilərin sayını nəzərə alaraq,kabinetlərin sayını artırmaqla problemi həll etmək olar. Kompyuter arxasında oturanlar isə, sanki kinoteatrda filmə baxırmışlar kimi “nazlana-nazlana” çalışırlar. Ola bilsin ki, insanların başına açılan oyunlar, süründürməçilikdən yaranan səhnələr film effekti bağışlayır. Bu səbəbdən, işlərinin ciddiyyətini, insanların ömründən, işindən gedən qızıldan qiymətli zamanını itkiyə verdiklərini dərk etmirlər. Yaxud bu, elə Səfər Mehdiyevin öz işçilərinə təqlin etdiyi, təlimləndirdiyi iş tərzidir.

Beləliklə, təxminən 1 saatlıq növbədən sonra sənədlərimizi təqdim edə bildik. Bu zaman məlum oldu ki, öncə avtomobili laboratoriyadan keçirib, sertifikat almaq, daha sonra sənədləri təqdim etmək lazımdır. Odur ki, növbədən çıxıb, laboratoriyaya yaxınlaşdıq. Təxminən növbəti 1 saatlıq növbədən sonra avtomobili laboratoriyadan keçirdik və sertifikat aldıq. Bunun ardınca təkrar növbədə dayanıb, sənədlərimizi pəncərələrdən birinə təqdim etdik. Bu dəfə isə dedilər ki, indi də avtomobilin qiymətləndirilməsi üçün yuxarıda başdakı kabinetə getmək lazımdır. Digər otaqlar kimi, bu kabinetin qarşısında da onlarla insan növbədə dayanmışdı. Ən sonuncunun kim olduğunu soruşub, növbəmizi gözlədik. Beləliklə, qanunsuzluğun ilk mərhələsi bu kabinetdən başladı, Gürcüstandan 3200 ABŞ dollarına aldığım avtomobilə 4000 dollar qiymət qoyuldu. Sonrakı mərhələdə isə avtomobil üçün məndən 3674.08 AZN deyil, 4023AZN qeydiyyat haqqı tələb olundu.

Əlqərəz, hansı meyara görə təyin edildiyi bəlli olmayan “rastamoşka” məbləğini təxminən 6-7 saatlıq gözləmədən sonra ödəməyə nail oldum. Ən üzücüsü isə o idi ki, hər kəs ondan artıq pul tələb olunduğunu bilməsinə rəğmən, sanki rüşvət vermək üçün yarışa çıxmışdı…

Növbəti mərhələdə maşına nömrə almaq üçün yaxınlıqdakı binaya – “QAİ”-yə getməli olduğumu söylədilər. Burada isə ilk olaraq 8-ci kabinetdən keçməliydim. Hansı ki, digər kabinetlər kimi, burada da onlarla vətəndaş növbədə dayanmışdı. Təxminən 10 dəqiqə sonra, polis əməkdaşlarından biri növbədə dayanan yeganə xanım olduğumu görüb, mənə yaxınlaşdı və növbəsiz içəri daxil olmağıma yardımçı oldu.Həmin polisin sayəsində ən azı 1 saat vaxtıma qənaət edərək, içəri keçdim və burada da 10 AZN ödəyərək qəbz aldım və yollandım nömrənin pulunu ödəyəcəyim 6-cı otağa. Düzü, burada bir qədər də üzümə salıb, növbəsiz içəri keçməyi bacardım.

Əslində, nömrə və texpasport üçün rüsum 24 manat olsa da, Səfər Mehdiyevin obyektində dövlət yox, “Səfər Mehdiyev” qanunları işlədiyinə və həmin idarəni dərhal tərk etmək istəyimə görə, nömrə üçün 200 AZN pul ödəməyə məcbur olum. Çünki buradakı mənzərə olduqca dəhşətli idi. İnsanların bir-birini təhqir etməsi, yaxud polislə müraciətçilər arasında neqativ qışqırıq səhnələrinin yaşanması kimsəyəinsanı vahiməyə salırdı…

Saat 10-dan başlanan proses bu mərhələyə çatanda artıq saat 17.00 olmuşdu. Amma hələ bilmirdim ki, qarşıda daha bir neçə saat gözləməli olacam. Çünki burda “rüsumu” ödəyib, binanın arxasındakı texpasport və nömrə verilən yerə yollandım. Düşündüm ki, heç olmasa burada o insan izdihamına rast gəlmərəm. Amma əsl həngamə burada imiş.

Yenə də az qala bir-birinin üstünə çıxan, korona epidemiyasına baxmayaraq basabas salaraq bir-birini təhqir edən, acıladan, salona sığışmadıqlarından pilləkənlərdə oturaraq növbə üçün mübarizə aparan insanlara rast gəldim və gözləməyə qərar verdim. Bu gözləmə müddətim 3 saatdan çox çəkdi. Sonda növbənin mənə gəlməyəcəyini görüb, texposportları təqdim edən əməkdaşdan mənim sənədimin gəlib-gəlmədiyini soruşdum.

Məlum oldu ki, sənədə hələ baxılmayıb. Təkrar 6-cı otağın yerləşdiyi salona gedərək oruclu olduğumu, təzyiqimin aşağı düşdüyü üçün halımın pisləşdiyini bildirib, şüşə arxasında çalışan xanımdan və oradakı polisdən mənim sənədimi tapıb, aşağı göndərmələrini xahiş etdim. Məni yaşadığım o günün ağırlığından nisbətən xilas edən 3 nəfərdən ikisi polis, biri sənədimi tapmağı polisdən xahiş edən xanım əməkdaş oldu.

Nəhayət, sənədim tapılıb aşağı – maşınlara nömrə verilən salona göndərildi. Vaxtı itirməmək üçün həmin zala getdim. Sənədimi tapan polis əməkdaşı onu özü ilə bura gətirdi və mən yığnağın içindən keçərək ona yaxınlaşıb özümü yenə təqdim etdim. Sağ olsun, texpasportu hazır edib mənə verdi. Bundan sonra isə sənədi nömrənin kəsildiyi yerə verib, gözləməyə getdim. Düz saat 20:00-da nəhayət ki, nömrəni təhvil alıb, maşını dayancaqdan çıxarmaq istədim. Amma…

Səhər saat 10-da terminala daxil olan avtomobilimi çıxarmaq istəyən zaman, qapıda dayanan şəxslər qəbz tələb etdilər. Qəbz almaq üçün pəncərələrdən birinə yaxınlaşdıqda, bu sənədin 60 manata başa gəldiyini öyrəndim. Maşının bir neçə saatlıq saxlama haqqının niyə 60 AZN olduğunu soruşduqda, “gedin, İsmayıl müəllimlə danışın”, – dedilər. İsmayıl müəllim terminalın-maşın saxlanılan yerin rəisi imiş. İsmayıl müəllim 60 AZN-dən 10 AZN güzəşt edə biləcəyini, amma bu qiymətin də kim tərəfindən təyin edildiyini, niyə maşınların bu terminalda saxlamağa məcbur edildiyini izah edə bilmədi. Yəqin ki, qorxusundan.

Sözün qısası, yorğunluğumdan və itirdiyim vaxta heyifslənərək həmin pulu ödəməyə məcbur oldum və əməkdaşdan ödəniş üçün qəbz verməsini tələb etdim. Əvvəl boş kağıza imza atdırmaq istədilər. Bundan boyun qaçırdıqdan sonra, İsmayıl müəllimlə uzun-uzadı məsləhətləşib, qəbzi verməyə məcbur oldular. Amma bu qəbzin nə dərəcə saxta və qanuni olması növbəti araşdırmamızın mövzusudur…

Sonda deyim ki, başıma gələni, sadəcə vətəndaşı olduğum ölkəni çılpaqlığı ilə göstərmək üçün təsvir etdim. Və bu yazını birbaşa dövlət rəhbərliyinə ünvanlayıram. Ölkəmizi hansı yolla inkişaf etdirməyi, neqativ halları, süründürməçiliyi, bu ölkənin iliklərinə işləmiş və xərçəng kimi metastaz verib içəridən çürüdən korrupsiyanı beləmi ləğv etməyi düşünürsünüz?

Bu neqativ halları ürək bulandırmaq üçün yox, ölkə ictimaiyyətinin və sizin vəziyyətdən hali olmağınız üçün işıqlandırıram. Məlumat üçün bildirim ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi sözün ən mənfi mənasında ölkənin “bədnam bərəkətli” idarəsidir. Bir bilsəniz burada nə pullar yeyilir…

Və cənab Səfər Mehdiyev, deyirsiniz ki, rəhbərlik etdiyiniz idarədə 1 manat da rüşvət alınmır. Milyonlarla məbləğin qanundankənar necə yığıldığını siz bimirdinizsə, mən sizə dedim, həm də yerli-yataqlı. Bəs, rüşvətlər milyonlara çatanda istefa təklifi gündəmdədir, ya yox?

Axı sizin obyektinizin mənə və mənim kimi minlərlə vətəndaşa yaşatdıqları sayəsində “Əlibaba və qırx quldur”un müasir versiyasını qələmə almaq və ekranlaşdırmaq olar…

Müəllif Ülviyyə ŞÜKÜROVA

Mənbə hurriyyet.az

0
115
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar