Dünya üzrə ilk yaranan universitetlər hansılardır?-ARAŞDIRMA  

Universitet  və ya ali təhsil müəssisəsi ən yüksək təhsil verən, tədqiqat aparılan və daim yeni informasiyalar ötürən qurumlardır. Tədqiqat sahələri əsasən müxtəlif  elmlərə bölünən universitetlər (təbiət elmləri, sosial elmlər kimi) ümumiyyətlə bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir.  Burada fəaliyyət göstərən tədqiqat işçiləri və ya alimlər bənzərsiz işlərinə görə dosent və professor kimi müxtəlif  adlarla təltif olunurlar.

 

Hazırda dünyada öz təhsil mühiti və keyfiyyəti ilə şöhrət qazanan bir çox universitetlər var. Maraqlıdır, görəsən bu ali təhsil ocaqları necə meydana gəldi? Dünya üzrə ilk yaranan universitetlər hansılardır?

 

AzEdu.az  bu suallara cavab olaraq universitetlər haqqında araşdırmanı təqdim edir:

 

Orta əsrlər latıncasında  “universitas” termini bir mövzu ətrafında birləşən hər hansı bir cəmiyyət və ya müəssisə üçün istifadə olunarkən, universitet sözünün müasir mənası “universitas  magistrorum et scholarium”  termini mənasındadır. Yəni təqribən "tələbə və müəllim icması" mənasına gəlir və  bu hazırki universitetlərin  əsasını təşkil edən qurumlar kimi təsvir etmək üçün istifadə olunur.

 

Bugünkü universitetlərin meydana gəlməsi üçün əsas yaradan ilk qurum, eramızdan əvvəl 4-cü əsrdə Qədim Yunan filosofu Platon tərəfindən qurulan Akademiyadır. Bu məktəbin yaranma tarixi və necə işlədiyi barədə dəqiq məlumat yoxdur. Qədim Afina şəhərinin xaricində "Akademiya" adlanan bölgədə yerləşən  gimnaziya yaxınlığında Platona məxsus ərazidə, onun və onun kimi fəlsəfə, elm, tarix və incəsənətlə maraqlanan bir qrup insanın müntəzəm görüşləri ilə təxminən, b.e.ə 387-ci ildə yarandığı ehtimal olunur. Tələbə-müəllim fərqliliyi, konkret  tədris  planı və ya mövzu məhdudiyyəti olmayan, yaxud  heç olmasa Platonun dövründə müəyyən bir doktrinanı müdafiə etməyən Akademiya, ehtimal olunur  ki, ortaya qoyulan elmi problemlərin birlikdə  müzakirə olunaraq  həll edilməyə çalışıldığı bir yer idi. Bu məktəb ən azı üç əsr ərzində eyni yerdə fəaliyyət göstərməyə davam etsə də, zamanla xarakteri dəyişdi, bu müddət ərzində Platonun şagirdi  Aristotel kimi bir çox filosof  burada  təhsil aldı.

 

"Konstantinopol Universiteti"  bir ali təhsil müəssisəsi olaraq, 425-ci ildə imperator naibi  III  Michael tərəfindən 849 tələbənin təşəbbüsü ilə bir tələbə qurumu olaraq  təsis edilmişdir. Günümüzdəki araşdırmalara  görə  isə ilk universitetlərə Abbasilər dövründə Bağdadda rast  gəlinir. Qədim Yunan və Roma dövrlərində bəzi ali təhsil və təlim təşkilatları olsa da, bunlar hazırki dövrə görə universitet hesab edilmir.

 

Qərbdə universitetlər, İslam mədəniyyətinin  Andalusiya Əməvi Dövləti vasitəsilə Avropaya giriş etməsi ilə yaranmağa başlayır. Mərakeş, Kordova və Gırnata universitetləri, tibb və astronomiya, ilahiyyat və bənzəri qanunlardan ibarət olan təhsil şöbəsinə elm və elmin bir vasitəsi olaraq , kilsələrin və yepiskopların təsiri altında olan ruhanilərin müəllim heyəti ilə məktəblərə daxil olmalarını təmin etdi. Buna qədər Avropa kralları və dövlət adamları müalicə almaq üçün Kordova Universitetinin tibb fakültəsinə gəlirdilər.

 

Yarandığı dövrdən bu günə kimi fəaliyyət göstərən ən qədim universitet isə 859-cu ildə Mərakeşin Fəs şəhərində yaranan Əl-Qarauin Universitetidir. Mərakeşin Fəs şəhərində yerləşən universitet, islam dünyasının ən tanınmış təhsil müəssisələrindən biri hesab edilir. Ginnesin rekordlar kitabının tərtibçiləri onu "Dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi" hesab edirlər.

 

Bağdaddakı Nizamiyə Mədrəsəsi (1065), Osmalı dövründə ilk universitet olan İznik Mədrəsəsi (1331) kimi misallar, Səlcuklar və Osmanlılar dövründə sürətlə inkişaf edən mədrəsə müəssisəsinin  Tənzimat islahatlarına qədər elm aləmində  söz sahibi olduğunu göstərir. Elm dərsləri çıxarıldıqda,  elmi və  fənni Andalusiya Əməviləri vasitəsi ilə İslam sivilizasiyasından götürən qərb, elm və inkişafda şərqi keçməyə başladı. Sonralar Darül-Fünun (1863) adı ilə qurulan bu ali təhsil ocağı müxtəlif  mərhələlərdən sonra 1933-cü ildə İstanbul Universiteti olaraq yenidən təşkil edildi.

 

Avropada ən qədim Universitet Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb universiteti sayılır. Təxminən 1100-cü ildə Bolonyada (İtaliya) universitet açılır. Əvvəlcə məktəb kimi fəaliyyət göstərən bu qurumda öncə Roma hüquq normativləri hazırlanırdı. Sonralar XII əsrdə bir neçə kilsə məktəbinin bazasında Paris universiteti təşkil olunur. 1167-cı ildən fəaliyyət göstərən Oksford Universitetində tarixə əsasən, müəllim və tələbələr arasında baş verən münaqişədən sonra bir çoxları şimala qaçaraq 1209-cu ildə orada Kembric Universitetini qururlar.

 

 

Qərbdə Bolonya, Pavia, Revenna və Paris adları ilə inkişaf etməyə başlayan ilk universitetlər uzun müddət yepiskopların nəzarəti altında qaldı. Hətta Boloniya Universitetinin rektorları tələbələr tərəfindən seçilirdi. Tələbələr aid olduğu millətə görə dörd qrupa bölünür  və hər qrupun rəhbəri rektorun yanında idarəetmə heyətinə qatılırdı. Buna baxmayaraq, əsas idarə heyəti  və söz sahibi şəxslər,  yepiskoplar tərəfindən  göndərilən və qançı adlandırılan insanlar idi.

 

Paris Universitetində isə tələbələrlə yanaşı müəllim heyəti də bu idarədə rol oynayırdı. Ancaq nəticə olaraq  əsas söz sahibi yenə də yepiskopluq idi. Daha sonra universitet rektoru yepisqopluğa qarşı öz səlahiyyətlərini təmin edərək muxtariyyət qazandı. Nəticə olaraq  universitet, artıq  yepiskopluqdan aslı olmayan, müstəqil təhsil ocağına çevrildi. Bunun ardınca, yepiskopluğa bağlı olmayan İngilis Oxford və Cambridge universitetlərindən sonra 14-cü əsrə qədər Avropanın müxtəlif şəhərlərində universitetlər yaranmağa başladı.

 

1342-ci ildə Praqada, 1364-cü ildə Krakovda, 1365-ci ildə Venada, 1385-ci ildə Haydelberqdə, 1409-cu ildə Laypçiqdə, 1459-cu ildə Bazeldə universitetlər yaranır. Şərqi avropada ilk universitet tipli ali məktəb "Kiev moqil akademiyası" (1615) sayılır. Rusiyada ilk ali məktəb 1726-cı ildə Peterburqda  açılır.

 

Azərbaycanda isə  ilk universitet 1919-ci ildə  Azərbaycan Demokratik Respublikasının  rəhbərliyi ilə təşkil edilir. Yeni ali məktəblərin yaradılması prosesi XX əsrdə Rusiya və əhatəsində olan başqa dövlətlərdə sosialist inqilabından sonra daha da genişlənir. SSRİ respublikalarında onlarca ali təhsil müəssisələri  yaradılır. Bu təhsil müəssisələrinin əksəriyyətinə SSRi dağıldıqdan sonra Universitet status verilir. XX əsrin 90-ci illərinin sonundan etibarən ali təhsil sistemində qarşılıqlı mübadilə və diplomların tanınması prosesini yüngülləşdirmək üçün İtaliyanın Bolonya şəhərində qəbul edilmiş “Boloniya prosesi"nin şərtləri bütün dünyada yayılmaqdadır. Bu şərtlərə əsasən müqaviləyə qoşulan dövlətlərin universitetlərində eyni dəyərləndirmə sistemi daxil edilməlidir.

 

 

Universitetlərin maliyyələşdirilməsi və təşkili dünyanın müxtəlif ölkələrində bir-birindən fərqlənir. Bəzi ölkələrdə universitetlər əsasən dövlət tərəfindən maliyyələşdirilir, digərlərində  maliyyələşdirmə donorlardan və ya universitetdə oxuyan tələbələrin ödədikləri puldan(təhsil haqqında)  əldə edilə bilər. Bəzi ölkələrdə tələbələrin böyük əksəriyyəti öz şəhərlərində yerləşən  universitetdə təhsil almağı  seçir, digər ölkələrdə isə universitetlər dünyanın hər yerindən tələbə cəlb edir və tələbələri üçün yaşayış yeri və şəraiti təmin edə bilir.

0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar