Əhməd Əhmədova 10 il həbs, eyni əməldə günahlandıran Məmməd Qəribov isə azadlıqda

Naxçıvan MR-in sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun və sabiq Təhsil naziri Məmməd Qəribovun məhkəmə prosesi artıq bitib.

Əhməd Əhmədova 10 il azadlıqdan məhrum etmə cəzası verilib, Məmməd Qəribov isə məhkəminin qərarı ilə şərti azadlığa buraxılıb.

Nə yazıq ki, məlumatı dəqiqləşdirmək mümkün olmadı. Azərbaycan Respublikası Baş Prokurorluğa etdiyimiz zəngə aldğımız cavab “Naxçıvan Ali Məhkəməsinə müraciət edin” məsləhəti oldu.

İş vaxtı olmasına baxmayaraq, Muxtar Respublikanın Ali Məhkəməsindən telefonumuza cavab verən tapılmadı. Məcburən Naxçıvan MR Prokurorluğuna zəng etdik. Dəstəyi qaldıran prokuror işçisi qurumun nəzarət postunda əyləşən polis olduğunu və sualımıza cavab verə bilməyəcəyini bildirdi. Prokurorluğun yuxarı orqanlarına zəngimiz isə cavabsız qaldı.

Muxtar Respublikanın Bakı nümayəndəsinin nə xidməti, nə də şəxsi telefon nömrələri zəngimizə cavab verdi.

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasının rəsmi qurumları ilə əlaqə saxlamaq imkanlarının formal olaraq xeyli yaxşılaşdığı müşahidə olunur. Artıq bütün qurumların ən vəzifəli şəxsindən kiçik işçisinə qədər istədiyin adamın telefon nömrəsini internet üzərindən tapa bilərsən. Di gəl ki, telefonunu tapdığın şəxslərin tanımadıqları nömrələrə cavab vermək problemi hələ də qalır. Qısası Muxtar Respublikada insanlarla ünsiyyət sahəsində “islahat” aparılıb. Amma vəziyyət yenə əvvəlki kimi, həmin hamam, həmin tasdır.

Naxçıvan rəhbərliyi sualımızı cavablandırmağına görə, bizim də gücümüz şəxsi mülahizələr yürütməyə çatır. Zənnimizcə, sabiq MR naziri Əhməd Əhmədovu külli miqdarda mənimsəmə faktına görə qandallayıblar. Bir müddət əvvəl “Unikal.org”un əldə etdiyi məlumatdan da belə nəticə çıxarmaq olar. Nəşrin iddiasına inansaq, Ə.Əhmədov mənimsəmədə ittiham olunurdu və mart ayında məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Məmməd Qəribov da eyni ittihamla müttəhimlər kürsüsündə əyləşmişdi. Maraqlıdır ki, ikisini də Bakıda yaxlayıb Naxçıvana aparmışdılar. Yəni başdan ayağa bütün cəhətləri ilə bir-birinin kopyası olan eyni cinayət hadisəsi. Bəs onda müttəhimlərdən birinə niyə 10, birinə isə şərti azadlıq verilir?

Görünür, bu məsələdə bizim əqlimizin ermədiyi və yalnız Naxçıvan MR rəhbərliyinə bəlli olan incə mətləblər var.

Mənbə Ovqat.com

0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar