Ərdoğanın Baydenlə görüşü və Şuşa səfəri

Ekspert: “Düşünmürəm ki, Türkiyə Azərbaycanda Rusiya ilə konfrontasiyaya gedər”
Sabah – iyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında görüş keçiriləcək. NATO-nun Brüssel sammiti çərçivəsində bir araya gələcək liderlər iki ölkə münasibətləri və regiondakı proseslərlə bağlı müzakirə aparacaqlar. Məlumdir ki, Vaşinqton və Ankara arasında bir sıra mövzularla bağlı fikir ayrılıqları, hətta gərginlik var. Bu sıraya Rusiyadan alınan S-400 ZRK, Suriya, Liviya münaqişələrində Türkiyənin rolu, Aralıq dənizinin şərqində Türkiyıənin apardığı geoloji kəşfiyyat və sair məsələlər daxildir.
Bu görüşdən dərhal sonra R.T. Ərdoğan Azərbaycana səfər edəcək. İki gün əvvəl o jurnalistlərə bildirib ki, əvvəlcə Füzuliyə, daha sonra İlham Əliyevlə birlikdə Şuşaya gedəcəklər. Ərdoğan Şuşada “böyük miqyaslı” müqavilə imazalanacağını da anons edib: “Bu müqavlə Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”.
Ərdoğan-Bayden görüşünü və Türkiyə liderinin Azərbaycana səfərini “Press Klub”a şərh edən politoloq Rauf Mirəqdirov bildirdi ki, Türkiyə-ABŞ, Türkiyə-Qərb münasibətlərindəki problemlər diqqət mərkəzində olacaq. O qeyd edib ki, bu danışıqlar NATO sammiti çərçivəsində baş tutur və geniş formatda keçiriləcək:
“Əlbəttə, bu, ilkin danışıqlardır və orada müxtəlif mövzular ətrafında, bütövlükdə Türkiyənin xarici siyasəti ilə bağlı müzakirələr aparılacaq. Bu kontekstdə Rusiya-Türkiyə münasibətləri, Ankaranın bu ölkədən hava hücumundan müdafiə sistemi alması ciddi müzakirə olunacaq. Bundan başqa, Türkiyənin Yaxın Şərqdə – Suriya, Liviya münaqişəsi ilə bağlı siyasəti, İsrail-Fələstin gərginliyindəki mövqeyi və rolu da danışıqlar predmetinə daxildir”.
Siyasi şərhçi hesab edir ki, bu görüşdən qeyri-adi nəticələr gözləməyə dəyməz. Çünki bu, Baydenlə Ərdoğanın ilk şəxsi görüşüdür.
Türkiyə dövlət başçısının Azərbaycana səfərinə gəlincə, Rauf Mirqədirov düşünür ki, bu, daha çox təbliğat xarakteri daşıyır:
“Məlumdur ki, Ərdoğan Türkiyə daxilində çox ciddi problemlərlə qarşılaşıb və söhbət ilk növbədə iqtisadi gərginlikdən gedir. Əvvəlcə onu qeyd edim ki, bu problemlər onu Rusiya ilə münasibətlərdə güzəştlərə getməyə məcbur edir. Türkiyə lideri son çıxışlarında Rusiya ilə hava əlaqələrinin bərpa olunmasından danışır. O, Rusiya turistlərinin ölkəyə gəlməsini təmin etməyə çalışır. Məlumdur ki, bu, Rusiyanın əlində Ankaraya ciddi təzyiq vasitəsidir. Moskva indiki məqamda Ərdoğanın elektoral dəstəyinin azalmasından istifadə edərək onu təzyiq altında saxlayır. Eyni zamanda, məlumdur ki, Suriya və Liviyada Türkiyə-Rusiya maraqları toqquşur. Bu maraq toqquşmaları nəticəsində onlar arasında gərginliklər yaranır. Münasibətlərin hədsiz gərginləşməməsinin yeganə səbəbi onların hər ikisini anti-Qərb ritorikasının briləşdirməsi ilə bağlıdır. Bu mövqedə onlar bir-birlərindən asılılıq hiss edirlər. Ona görə də vaxtaşırı gərginlik dərəcəsini azaltmağa çalışırlar”.
R.Mirqədirovun fikrincə, Ərdoğan Azərbaycan siyasətindən həm də Türkiyə daxilində öz sosial bazasını genişləndirmək üçün istifadə edir:
“Məlumdur ki, ölkədəki sosial-iqtisadi problemlər onun elektoral bazasını daraldıb. Türkiyənin apardığı müharibələr böyük resurslar tələb edir. Hazırda bu resurslar da xeyli azalıb. Osmanlı imperiyasının bərpası xəyalı, müsəlman həmrəyliyi və millətçilik ritorikası onun dəstəyini təmin edən əsas amildir. Ərdoğan bu amildən kifayət qədər istifadə edir və Azərbaycan siyasəti də bunun tərkib hissəsidir. Onu müdafiə edən dini və millətçi kəsim üçün bu siyasətin aparılması çox vacibdir. Türk birliyi, mədəni, siyasi birlik bu təbəqələr üçün hər şeydən üstündür. Ərdoğanın Azərbaycanla bağlı siyasəti həm də bu maraqlardan qaynaqlanır”.
R. Mirəqdirov hesab edir ki, Azərbaycanda Türkiyənin imkanları məhduddur, o baxımdan ki, burada Rusiyanın hərbi-siyasi təmsilçiliyi daha üstün durumdadır:
“Düşünmürəm ki, Ərdoğan Azərbaycanda Rusiya ilə konfrontasiyaya gedər. Elə Qarabağdakı sülhməramlı missiyada Türkiyənin minimal rolu bunun göstəricisidir. Amma sosial-iqtisadi, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Türkiyənin Azərbaycanın yanında olduğu ritorika səviyyəsində də olsa, nümayiş etdiriləcək. Bu, hər şeydən əvvəl onun elektoral bazasının sosial sifarişidir. Onun Azərbaycana gəlib Şuşaya səfər etməsi bu məqsədlərə xidmət edir. Nəhayət, Ərdoğanın konkret bir məqsədi var. Bildiyiniz kimi Qarabağda, böyük coğrafi ərazilərdə bərpa işləri başlanıb. Burada Türkiyə şirkətlərinin iştirakı Ərdoğanın prioritet maraqları çərçivəsindədir. Səfər zamanı bu şirkətlərin perspektiv layihələrdə iştirakı müzakirə ediləcək. Sözsüz ki, ritorika səviyyəsində olsa belə, Qarabağ mövzusu da masada olacaq”.
Turqut

0
187
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar