“Jurnalistlərlə birgə minaaxtaran olmayıbsa, qarşıya çıxan hər hansı qazıntıya şübhəli yanaşılmalıydı” - ekspert


“Jurnalistlərlə birgə minaaxtaran olmayıbsa, qarşıya çıxan hər hansı qazıntıya şübhəli yanaşılmalıydı”
Minalar müharibədən sonrakı müharibədir. Nə qədər ki, Ermənistan minaların xəritələrini verməyib, təhlükənin sovuşduğunu heç bir halda söyləmək olmaz. Ötən həftə iki jurnalistin - Məhərrəm İbrahimov və Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olması da göstərdi ki, minaların təmizlənməsi işlərinə daha çox güc səfərbər olunmalıdır.
“Yeni Müsavat” yada salır ki, bundan əvvəl də Ağdamda bir ailənin 6 üzvü minaya düşdü və ikisi həlak oldu. Hələ noyabrın 2-də, ANAMA-nın Təmizləmə Qrupunun minaaxtaranı, 1967-ci il təvəllüdlü Telman Bəbir oğlu Zeynalov Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Telman Zeynalovun həmkarı, partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş ANAMA əməkdaşı, 41 yaşlı Asif Mürsəl oğlu Xudiyev də minaya düşüb. Nəticədə “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb. Füzuli rayonunda 36 yaşlı Yasin Ələsgər oğlu Əhmədov və onun qardaşı 31 yaşlı Asif Ələsgər oğlu Əhmədov minaya düşüblər. Nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.
Noyabrın 23-də Rusiya sülhməramlıları, Azərbaycan Silahlı Qüvvələrinin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bir qrup nümayəndələri ölən hərbçilərin cəsədlərinin mübadiləsi üçün Tərtər bölgəsində ölənlərin axtarışlarını aparıblar. Axtarışlar zamanı rayonun Suqovuşan qəsəbəsi ərazisində mina partlayıb. Hadisə nəticəsində korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub. Rusiya sülhməramlı qüvvələrinin bir zabiti də yaralanıb.
Hətta Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) demişdilər ki, minaların təmizlənməsi üçün 10-15 il vaxt lazımdır. Qurumun təmsilçisi İdris İsmayılovun sözlərinə görə, bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləyəcək. Onun təbirincə, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək, insanlar üçün təhlükəsiz sayıldıqdan sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək.
Lakin bu sonuncu hadisə digərlərindən fərqlənir, istisnadır. Çünki jurnalistlərin Kəlbəcərdə düşdüyü minalı ərazinin sarı torpaq olduğundan hərbçilər şübhələnməliydilər. Həmin yer videokadrlardan da görünür ki, qazılıb, sonra üstü təzə torpaqlanıb. Bu minaların təzə basdırılması da istisna deyil. Görünür ki, Kəlbəcərdə zərərsizləşdirilən erməni diversantlar ərazilərimizə daxil olarkən yeni minalar yerləşdiriblər.
Baş verən hadisədə Kəlbəcərə dini ayin adı altında gələn erməni keşişlərin ən azı bölgədəki vəziyyət haqda informasiya toplanması baxımından əlinin olduğu ehtimalı istisna deyil. Və bunun məsuliyyətini həm də rus sülhməramlıları daşıyır. Bəzi müşahidəçilər də o qənaətdədir ki, mina basdırılması aydın görünürdü, bunu öncədən sezməliydilər. Bəs bu vəziyyətdə sürücü, bələdçi necə davranmalıdır?
ANAMA EOD qrupunun supervayzeri Anar Vəliyev “Yeni Müsavat”a bildirdi ki, minalardan təmizlənmiş ərazilərdən hərəkət təşkil edilməlidir. Onun sözlərinə görə, həmin ərazidən kəşfiyyatın keçmək təhlükəsi varsa, o zaman təkrar yoxlanılmalıydı. Mütəxəssis qeyd etdi ki, Kəlbəcərdə şəhid olan jurnalistlərlə birgə minaaxtaran olmayıbsa, qarşıya çıxan hər hansı qazıntıya şübhəli yanaşılmalıydı. A.Vəliyev işğaldan azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi üçün nə qədər zaman lazım olduğunu söyləməkdə çətinlik çəkir. Onun sözlərinə görə, bu barədə ANAMA tərəfindən fikir deyilə bilər, çünki şəxsi heyətə, texnikanın sayına diqqət etmək lazımdır.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, jurnalistlərin getdiyi yolun hərbçilər tərəfindən öncədən yoxlanılmadığı ağlabatan deyil: “Mümkündür ki, nəzərdən qaçsın, hərçənd həmin yoldan öncədən istifadə edildiyi də şübhələrə yol açır və bu başqa versiyanı önə çıxarır: Qarabağda qalan erməni silahlılar minanı yeni basdıra bilər.
30 illik işğal dövründə ermənilərin ərazini yaxşı öyrəndiyi, azərbaycanlı hərbçilərin böyük hissəsinin bölgə ilə yeni tanış olduğu detalı da unudulmamalıdır".
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Hafiz Səfixanov “BBC Azərbaycanca”ya qeyd edib ki, sahənin təmizlənməsi həmin ərazinin mina ilə çirklənməsindən, relyefdən və müəyyən qədər də hava şəraitindən asılıdır.
“Bizdə çirklənmə böyükdür, bundan başqa ərazidə həddindən artıq metal qırıntıları ilə çirklənmə də var. Yəni minaaxtaranların detektorları hər bir metal qırıntısına reaksiya verir və mina təmizləyən buna adekvat reaksiya verməlidir. Metal qırıntılarının çox olması mina təmizləmənin sürətini çox aşağı salır”, - ekspert vurğulayıb
“Yeni Müsavat”

0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar