Mediada ciddi yeniliklərin anonsu verildi

"Mediada islahatlara doğru" mövzusunda seminar bu gün də davam edib.

Bu gün seminarda "Media haqqında" qanun layihəsinin geniş müzakirəsi olub. Bu haqda Bizimyol.info saytına seminarda iştirak etmiş "Bizim Yol" MMC-nin baş direktoru Bahəddin Həziyev məlumat verib.

Bahəddin Həzi

O deyib ki, yeni qanun layihəsi ətrafında çox maraqlı və məhsuldar müzakirələr keçirilib: "Qanun layihəsini Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim etdi. Qanun layihəsi özündə hazırda qüvvədə olan iki qanunu birlşdirir. Faktik olaraq vahid media məcəlləsi hazırlanıb. Təfərrüatlara çox da varmaq istəmirəm. Onu demək istəyirəm ki, bu qanun layihəsi köhnə qanunvericilikdəki çox sayda müddəaları dəqiqləşdirir, yeni anlayışlar da gətirir. Burada medianın və jurnalistlərin fəaliyyətini asanlaşdıran, pozitiv baxımdan reqlamentləşdirən xeyli yeni müddəalar var. Eyni zamanda həmkarlarımızın da layihə ilə bağlı xeyli təklifləri, müəyyən tənqidi qeydləri oldu. Hər bir fikrə geniş şərh verildi. Düşünürəm ki, müzakirələrdə səslənmiş faydalı təkliflər də nəzərə alınacaq".

Bahəddin Həziyev deyib ki, media sənayesinə e-qəzet formatının gətirilməsi müsbət yenilik olacaq: "MEDİA rəhbərliyi, bu komandada olan həmkarlarımız elektron qəzet modelinin pdf formatını bir yenilik olaraq təklif edir. Bu, indi alışdığımız print medianın, ənənəvi qəzetin elektron daşıyıcıda yayımlanacaq formatıdır. Zamanla qəzetlərin elektron versiyada təqdimatı maraqlı yenilik olacaq. Əlbəttə çap mediası da yaşamaqda davam edəcək. Ancaq e-qəzet modeli redaksiyaları həm çap xərcindən, həm yayım qayğılarından azad edəcək. Bu, müsbət yeniliklərdən biridir".

Bahəddin Həziyev ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın çox uğurlu təqdimat etdiyini deyib: "Hörmətli həmkarımız Şəfəq Mehrəliyeva media mühitimizlə bağlı çox maraqlı çıxış etdi. Düşünürəm ki, bu silsilə seminarlar mediamız üçün çox faydalı olacaq. ADA Universitetində faydalı və maraqlı müzakirələr üçün çox yaxşı şərait yaradılıb. Həmkarlarımız da bunu məmnunluqla qarşıladı".

0
189
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar