Mercedes-AMG GT liftbeki yenilənib

Xeyr, bu, AMG GT liftbekinin 800 at qüvvəli ekstremal versiyası deyil - çoxdan gözlənilən Mercedes-AMG GT 73 hibridinin debütünün bu ilə planlaşdırılmasına baxmayaraq, onun sınaqları başa çatmayıb. Bu arada Daimler konserni baza modelini yeniləmək qərarına gəlib. Üstəlik, alman istehsalçısının nümayəndələri bu yenilənməni Lifestyle update termini ilə asdlandırıblar. Maraqlıdır, dəbli yenilnəmə nəyi nəzərdə tutur?

 

Liftbekin eksteryerində yenilənmənin izlərini axtarmayın - onlar yoxdur. İnteryerdə görünən yeganə dəyişiklik cütlənmiş qolları və taçpadları olan yeni sükan çarxıdır. Sensorlu ekranı olan müasir MBUX media sistemini və təkmilləşdirilmiş kruiz-kontrolu AMG GT liftbeki keçən yay əldə edib (CLS sedanı ilə birlikdə).

 

Əsas yenilik genişləndirilmiş təkər diskləri çeşidindən, dekordan, tərtibat materiallarından və kuzov rənglərindən ibarətdir. Artıq müştərilər konfiquratorda daha uzun müddət vaxt keçirə bilərlər! Əlbəttə ki, arzulanan AMG GT liftbekini yığmaq üçün.

 

Artıq seçim üçün yeni “qara” AMG Night Package II və V8 Styling Package dəstləri təklif olunur. Başqa bamperlər və qırmızı supportlar daxil olan dəstlər sayəsində altısilindrli liftbeklər daha bahalı V8 mühərriki ilə təchiz edilmiş versiyalara bənzəyirlər.

 

Əslində, yenilənmiş çeşiddə hələlik yalnız altısilindrli modifikasiyalar var. Güc aqreqatları dəyişməyib. Baza liftbeki olan Mercedes-AMG GT 43 modeli 367 at qüvvəsi hasil edən 3,0-litrlik mühərrikə sahibdir. AMG GT 53 versiyasında isə bu mühərrik 435 at qüvvəsi hasil edir.

 

Hər iki variantda 22 at qüvvəsi və 250 Nm fırlanma anına malik olan 48 voltluq startyor-generator var. Startyor-generator start-stop sisteminin tərkib hissəsi kimi işləyir və sürətlənmənin ilk saniyələrində mühərrikə kömək edir.

 

Transmissiya - 9-pilləli AMG Speedshift TCT 9G “avtomatıdır”. Baza AMG GT 43 versiyası arxa ötürmə və ya ön oxda muftası olan 4Matic + tam ötürməsi ilə təchiz edilə bilər, GT 53 variantı isə yalnız tam ötürmə ilə mövcuddur.

 

Təkmilləşdirmə avtomobilin şassisinə də təsir edib. Hələ 2020-ci ildə AMG GT yeni alt çərçivələri əldə etmişdi, eyni zamanda arxa oxdakı fərqli oymaq və podşipniklərə sahib olmuşdu. İndi isə, ön asqının hərəkətli birləşmələrinin təftişi aparılıb, opsional pnevmoasqısı olan avtomobillərdə (baza versiyasında əvvəlki kimi yaylar var), əlavə olaraq yeni amortizatorlar quraşdırılıb.

 

Onların elektronika tərəfindən idarəolunan sıxılma və qaytarma klapanları amortizatoraların gövdəsindən çıxarılıb, klapanlar genişləndirilmiş tənzimlənmə diapazonuna malikdirlər və əvvəlkilərdən daha yeyin işləyirlər. Mühəndislər rahatlıq və idman rejimləri arasındakı fərqin daha çox nəzərə çarpacağına söz verirlər.

 

Avropada yenilənmiş “qaynar” liftbeklərin satışları avqust ayında başlayacaqdır. Onların ardınca V8 mühərriki olan liftbeklərin yenilənmiş versiyaları və ekstremal Mercedes-AMG GT 73 hibridi debüt etməlidir.

 

Ramin Musayev

0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar