Qənirə Paşayeva Vətən Müharibəsinin iştirakçısı ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” Xeyriyyə Cəmiyyətinin rəhbəri Firəngiz Balakişiyeva paytaxtın Xətai rayonundakı 27 saylı tam orta məktəbin müəllimi, Azərbaycan Vətən Müharibəsinin iştirakçısı Elvin Səlimovla Mədəniyyət Komitəsində görüşüb.

Komitə sədri qazi müəllimi “İlin gənc müəllimi-2021” yarışmasında qalib olduğu üçün təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Elvin müəllim,

Sizi Milli Məclisin Mədəniyyət Komitəsi, AzEduAz təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “İlin gənc müəllimi-2021” yarışmasında I yerə layiq görüldüyünüzə görə təbrik edirəm!

Siz 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin İşəqəbul Müsabiqəsində İnformatika fənni üzrə respublika birincisi olmusunuz.

Rəqəmsal təhsil sahəsindəki xidmətləriniz həm efir məkanımızda, həm də təhsil ictimaiyyətində yüksək dəyərləndirilir.

Ən əsas göstəriciniz isə tarixi qələbəmizlə sonuclanan Vətən Müharibəsində könüllü iştirak edərək, qalib döyüşçü adını qazanmanızdır.

Cəbrayıl, Füzuli, Xocalı və Şuşa istiqamətlərində döyüşərək, qalib müəllim-əsgər şərəfli adını daşımanız təlim-tərbiyə, təhsil sektorumuz adına da böyük uğurdur.

Sizi bütün uğurlarınız münasibətilə ürəkdən təbrik edirəm!

Sizi, hazırda çalışdığınız məktəbin müəllim və şagird kollektivini də təbrik edir, yeni uğurlar diləyirəm”!

Qənirə Paşayeva Elvin Səlimova Komitə adından Təbrik və Təşəkkür Məktubu, Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qazi müəllim səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 

0
174
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar