Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi, vəzifələri və icrasının prioritet istiqamətləri olaraq regionlarda təhsilin səviyyəsinin yaxşılaşdırılması yönündə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi məsələləri də öz əksini tapmışdır. Bu yöndə artıq bir çox layihələrin də icrasına başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulmasından bəhs edilir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün, həmçinin region ali təhsil müəssisələri də beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlı olmalıdır. ADPU-nun Quba filialında da kadr hazırlığı qeyd edilən proqramlar və strategiyalar əsasında ulu öndər Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" leytmotivi əsasında qurulmuşdur. Buna görə də savadlı, məsuliyyətli, bacarıqlı tələbələrə tədrisin və təlim-tərbiyə prosesinin rəqəmsallaşması zamanı da əsas hədəf olaraq vətənpərvərlik, milli ruh, sağlam ideoloji prinsiplər rəhbər tutulmuşdur. Ölkə ərazisinin 8.3%-ni (7.1 min kv.km), əhalinin isə 5.6%-ni (560 min nəfər) təşkil edən respublikamızın Şimal bölgəsində mədəni həyatın inişafında müstəsna əhəmiyyətli yeganə ali təhsil ocağı olan ADPU-nun Quba filialında ölkənin 29 rayonundan olan 845 tələbə bakalavriatura pilləsində təhsil alır. Filialda 6 ixtisas - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi, Təhsildə sosial-psixoloji ixidmət və Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə 83 nəfər professor-müəllim heyəti təhsil verir. Bundan başqa 43 nəfər tədris köməkçi, 20 nəfər isə xidmətedici heyət də Filialda tədrisin, təlim-tərbiyə, abadlıq işlərinin həyata keçirilməsinə xidmət edir.
ADPU-nun Quba filialında 15 sentyabr 2018-ci ildə həyata keçirilən struktur dəyişikliyi zamanı filialın idarəetmə strukturuna Elmi Şura, direktor, tədris və tərbiyə üzrə direktor müavinləri, direktor köməkçisi, dekanlıq, kafedralar və digər struktur bölmələri daxil edilmişdir.
Pedaqoji fakültənin tərkibində Təbiət fənləri və onun tədrisi metodikası kafedrası, Ədəbiyyat və dillər kafedrası, Pedaqoji və ictimai fənlər kafedrası fəaliyyət göstərir. Həmçinin filialda Tədris şöbəsi, Keyfiyyətin təminatı şöbəsi, İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi, Mühasibatlıq şöbəsi, Ümumi şöbə, Kitabxana şöbəsi, İnzibati təsərrüfat şöbəsi və Təcrübə və məzunlarla iş üzrə rəhbər fəaliyyət göstərir.
2021/2022-ci tədris ilində Filialda tələbə qəbulu proqnozu 240 nəfərdən 310 nəfərə qaldırılmışdır. Tarix-coğrafiya müəllimliyi ixtisası ixtisası parçalanaraq "Tarix müəllimliyi” və "Coğrafiya müəllimliyi” ixtisasına ayrılmış, yeni "Riyaziyyat müəllimliyi” və "Sosial iş” ixtisasları üzrə sifarişlər verilmişdir.
Filialın 2,5 hektar ərazisində 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxana, 300 kvadratmetr tikili altında müasir standartlara cavab verən yeməkxana binası və geniş idman meydançasının olması da Quba filialının geniş maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinə - kampusa malik olduğunu göstərir. Həmçinin filialda 190 nəfərlik Böyük akt zalı, 80 nəfərlik Kiçik akt zalı, Heydər Əliyev Məktəb-lektoriyası, Böyük Kompyuter Mərkəzi, ağıllı lövhələrlə təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir. Filialın bütün kopyuterləri sürətli fiber-optik internet şəbəkəsinə qoşulub. 2019-cu ilin noyabr ayının 27-də Azərbaycan Milli Elimlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və ADPU-nun Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-nun Quba filialı universitetlə televiziya əlaqələrindən yararlanaraq efir vasitəsilə mühazirələrin yayımını həyata keçirmişdir. Belə ki, Şimal regionunda yayımlanan "Qafqaz” TV ilə filial arasında razılaşma əldə edilərək martın 18-dən etibarən "Telemühazirə” adlı dərs-verilişin yayımına başlanılmışdır. Bu günədək davam edən "Telemühazirə”lərdə filialın 12 müəllimi 60-dək mühazirəni efir vasitəsilə tələbələrə çatdırmışdır. Filial haqqında geniş videoçarx hazırlanmışdır. Şimal bölgəsində ali təhsilin tarixi Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1943-cü ildə fəaliyyətə başlamış və 1953-cü ilədək fəaliyyət göstərmiş, 4 fakültə 9 kafedradan ibarət, 350 tələbənin təhsil aldığı iki illik Quba Müəllimlər İnstitutunun tarixi ilə başlayır. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində Azərbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. Quba Müəllimlər İnstitutunun varisi olan ADPU-nun Quba filialı özünün 30 illik yubileyini yaşayır.

 

Önəmli tarixi keçmişə malik, ölkəmizin Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirərək 2000-dən çox məzun buraxmışdır. Filialın məzunları sırasında 32 nəfər Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, torpaqlarımızın azad olunması uğrunda iştirak etmişdir. Həmçinin filialın onlarca məzunu müxtəlif nazirlik və komitələrin tərkibində mühüm vəzifələr tutaraq ölkəmizin inkişafı naminə uğurlu fəaliyyət göstərirlər.
Hər il filiala qəbul olan tələbələrin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Belə ki, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən xeyli artmışdır. Filialda 845 tələbədən 162 tələbə dövlət təqaüdü, 93 tələbə əlavə təqaüd, 12 tələbə "Gələcəyin müəllimi” məqsədli təqaüdü alır. Həmçinin bu təqaüdlərlə yanaşı Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilmişdir ki, tələbələrin təhsildə fərqlənmələri üçün stimul yaratmışdır. Filialda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən biri kimi fənn olimpiadalarının keçirilməsini misal göstərmək olar. Təhsilini başa vurub magistratura pilləsinə qəbul olan tələbələrin sayı 2020-ci ildə 10 nəfər olmuşdur ki, bu da filial tarixində ilk rekord idi. Bundan başqa, MİQ imtahanlarında onlarca məzunumuz 50-dən yüksək bal toplayaraq müəllim adını qazanmışdır.

 

Artıq filialda "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, "Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə magistr hazırlığını həyata keçirmək üçün kadr potensialına malik qüvvə mövcuddur. Həmçinin bölgədəki multikultural və tolerantlıq dəyərlərinin daha geniş şəkildə yayılmasını, etnik və dini rəngarəngliyi nəzərə alaraq filialda "Multikulturalizm” mərkəzinin yaradılması və Şimal bölgəsinin maddi-mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə təbliğ edilməsi də planlaşdırılıb. Filialın perspektiv planları sistemli şəkildə "Strateji İnkişaf Planı”nda və ondan doğan "Qısa, orta, uzunmüddətli inkişaf hədəfləri” adlı sənəddə konkret şəkildə qeyd edilmişdir.
ADPU-nun Quba filialında imtahan prosesi mümkün qədər şəffaf, operativ və ədalətli formada həyata keçirilir. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq imtahan prosesinin gedişindən tutmu filialda aparılan yenidənqurma işlərinin bilavasitə canlı şahidi olmuşuq.
Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diaqo Dövlət Universitetinin Gürcüstan bölümünün, Şimali Kıprıs Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının iştirakçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda onlayn beynəlxalq seminar böyük maraq doğurmuşdur.
Bütün bu qeyd edilənlərə əsaslanaraq deyə bilərik ki, ADPU ailəsinin bir hissəsi olan Quba filialı gələcəkdə müstəqil universitet statusunu qazanmaq üçün böyük hədəflərinə doğru inamla addımlayır.
Nadir İsrafilov Təhsil Nazirliyi yanında İctima Şuranın sədr müavini
 

0
676
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar