“Şuşa bəyanatı”nın “şifrələri”: “Torpaqlarımıza hücum olarsa...”

“Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək

Altılıq platforması hər kəs üçün əlverişlidir

Dünən Şuşada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında imzalanan sənəd mühüm tarixi əhəmiyyət kəsb edir. “Şuşa bəyannaməsi”nin şərtlərinə görə, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlər qarşılıqlı əlaqələndiriləcək. Həmçinin Zəngəzur dəhlizinin açılması, qarşılıqlı əməkdaşlıq və hərbi yardım məsələləri və digər məqamlar da müqavilədə əksini tapıb. Bir sözlə, bu sənəd həm də Azərbaycan-Türkiyə birliyini, qardaşlığını dünyaya göstərdi.
“Sherg.az” olaraq siyasi analitik Turab Rzayevlə müqavilənin əhəmiyyətini müzakirə etdik:
- Bəyannamənin şərtləri bölgədəki geosiyasi mənzərəyə necə təsir edəcək?
- Müqavilənin NATO sammitindən bir gün sonra imzalanması təsadüfi deyil. Çoxları sammitdə Ankaranın cəzalanacağını gözləyirdi. Əslində bunun üçün əsas da var idi. Amma tərəflər arasında görüş problemsiz keçdi. Belə məlum oldu ki, ABŞ-ın Yaxın Şərqdə, Orta Asiyada, Əfqanıstanda və başqa yerlərdə əsas dayaq nöqtəsi yenə də Türkiyədir. Beləliklə, qardaş ölkənin regiondakı nüfuzu artacaq. Bu məsələ NATO-da artıq müzakirə olunub. Eyni zamanda Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğu beynəlxalq legitimlik qazandı, qələbəmiz təsdiqləndi.

- Digər dövlətlər tarixi hadisədən hansı dərsi çıxarmalıdırlar?
- Müqavilə kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə deyil. Sadəcə Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etmək istəyən şəxs bundan sonra qarşısında Türkiyəni görəcək. Düzdür, indiyədək bizim aramızda qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalanmışdı. Amma “Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək.
- Zəngəzur dəhlizinin taleyi barədə nə düşünürsünüz?
- Bu dəhlizlə Azərbaycan Türkiyəyə, Naxçıvana, Rusiya Türkiyəyə birbaşa yol əldə edir. Eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərb birləşir. Həmçinin birbaşa dəmiryolu çəkilir. Əlbəttə, hər kəs, o cümlədən də şimal qonşumuz dəhlizin açılmasında maraqlıdır. Çünki gələcəkdə Ankara və Moskva bir-birilərinə hərbi yardım da edə bilərlər.
- Altılıq platformasının yaradılması nə qədər realdır?
- Ərdoğan aralarında müəyyən ziddiyətlər olmasına rəğmən, Rusiya və İranı əməkdaşlığa dəvət edir. Altılıq platforması hər kəs üçün əlverişlidir. Sadəcə Ermənistan mane ola bilər. Amma seçkilərdən sonra məsələ həllini tapacaq. Ya Paşinyan vədinə əməl edəcək, ya da hakimiyyətə gələcək Rusiyapərəst bir siyasətçi Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək.

0
242
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar