Türkiyə bütün qəlbi ilə Azərbaycanın yanındadır - DEPUTAT

"Tariximizin ən şərəfli səhifələrini yaşayırıq. Biz tək Azərbaycan olaraq deyil, Azərbaycan-Türkiyə və türk dünyası olaraq bu tarixə şahidlik etdik. Dünən əcdadlarımızın arzuladığı bir günü yaşadıq. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və onunla birlikdə gələn heyət cənab Prezidentimiz İlham Əliyevlə Şuşada tarix yazdı".

Bunu Publika.az-a millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Şuşa səfəri siyasi, tarixi, diplomatik, mədəni və hərbi cəhətdən ən yüksək dəyərə malikdir:

"Dünən imzalanan Şuşa Bəyannaməsi Qars müqaviləsinə istinad edərək qəbul edildi. 11 səhifədən ibarət olan bəyannamə qısaca olaraq Türkiyə - Azərbaycan birliyinin simvolu oldu. Bu, qardaşlığımızın simasında bölgənin sülhünün, təhlükəsizliyinin, dayanıqlı inkişafının qarantı oldu. Sözsüz ki, bəyannamə Türkiyə - Azərabaycan qardaşlığının və strateji müttəfiqliyinin ən yüksək zirvəsidir. İlk maddələrdə də qeyd olunur ki, istər Türkiyə, istərsə də Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhlükə olarsa, hər iki dövlət birlikdə bu təhlükəyə qarşı sipər olacaq. Ən önəmli məsələlərdən biri də strateji müttəfiqlikdir. İki ölkənin Təhlükəsizlik Şurasının fəaliyyəti bərabər olacaq. Gələcək yol xəritəmizdə bütün sahələrdə birlikdə addımlayacağıq. Biz bu bəyannamədə iştirak edən Türkiyəyə NATO-nun ən böyük ikinci nüfuza sahib olan ölkə kimi baxmalıyıq. Dünən Şuşada həm möhtərəm Prezidentimiz İlham Əliyev, həm də R.T Ərdoğanın bəyannamə imzalandıqdan sonra açıqlamasında bölgə üçün bir sıra mesajlarını dinlədik. Bu bəyannamə ildən-ilə dünyada artan qlobal təhlükələr fonunda Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan xalqının rifahının təminatçısı oldu. Türkiyə uzun müddətdir tək başına terrorla mübarizə aparır. Öz vətənindən didərgin düşən 5 milyon qaçqına ev sahibliyi edir. Azərbaycan və Türkiyə əbədi olaraq bir-birinin yanında olacaq. Bu bəyannamə tarixdə misli görülməmiş bir saziş oldu. Gələcəkdə həm türk dünyası ölkələri, həm də digər dövlətlər bu bəyannamədən yararlanacaqlar".

Millət vəkili həmçinin Türkiyə Prezidenti R.T.Ərdoğanın Milli Məclisdə çıxışına da münasibət bildirib:

"Bu gün cənab Ərdoğan parlamentdəki nitqində bildirdi ki, torpaqların işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisəsidir və münaqişənin həllindən bütün region ölkələri, bütün dünya qazanacaq. Bu, belə də olmalıdır. Türkiyə hər zaman bizim yanımızda olub, biz də hər zaman onların yanında olacağıq. Türkiyə bütün qəlbi ilə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti də vurğuladı ki, ötən əsrin əvvəllərində Türkiyə Azərbaycanın yanında oldu, bu gün də yanındadır, sabah da yanında olacaq. Eyni zamanda qardaş ölkə lideri bu gün türk millətinə iftira atanların 30 il öncə bu torpaqlarda baş verənlərə baxmalı olduğunu xatırlatdı. Bildirdi ki, Qarabağ ermənilərin vətəni olmadığı üçün hər şeyi dağıdıb, yandırıb getdilər. Bu, həqiqətən də belədir. Onlar bizim torpaqlarımızı vəhşicəsinə dağıtdılar, yandırdılar, taladılar, misli görünməyən vəhşiliklər törətdilər. Mədəniyyətlə vandallığın arasında fərqi görmək istəyənlər mütləq gəlib Qarabağa baxmalıdırlar. Ancaq biz bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə bu əraziləri yenidən qururuq. Qarabağ yenidən cənnətə çevriləcək. Ermənistanın Azərbaycanla problemləri həll olunduqca, Türkiyə də lazımi addımlar atacaqdır".

Rahib Ələsgərov

0
124
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar